Morula. Çoxalmış blastomerlər toplusu olub, kürəşəkillidir. Onda olan bütün hüceyrələrin kütləsi ziqotun kütləsindən az olur. Çünki bölünmələrə sərf olunan enerji oradakı maddələr hesabına ödənilir.
Blastula. Bu mərhələdə moruladakı hüceyrələr kənara çəkilir. İçəridə bir boşluq əmələ gəlir. Boşluqda maye toplanır. Bu, blastula boşluğu adlanır. İnkişaf zamanı bu boşluq yox olur.
Qastrula. O, blastula hüceyrələrinin içəri çəkilməsi yolu ilə yaranır. Rüşeym ikiqatlı olur. Qastrula zamanı yaranan boşluq qastrula boşluğu adlanır. Bu boşluq inkişaf zamanı həzm kanalına çevrilir. Qastrulanın xarici qatı ektoderma, daxili qatı isə endoderma adlanır. Sonrakı inkişaf mərhələsində ektoderma və endoder- ma arasında mezoderma qatı da yaranır. Bunların hər üçü rüşeym təbəqələridir. Rüşeym təbəqələri müxtəlif orqanlara və orqanlar sisteminə başlanğıc verir.
Neyrula (orqanogenez). Bu mərhələdə toxumalar və orqanlar formalaşmağa başlayır. Hamiləliyin üç ayı ərzində bütün orqanlar tamamilə formalaşmış olur.
Ektoderma | Mezoderma | Endoderma |
• sinir sistemi • gözün torlu qişası • ağız, anus və burun epitelisi • epidermis • epidermisin törəmələri • duyğu reseptorları • dişin mina qatı və s. |
• sümüklər, bağlar • əzələlər • qan damarları, qan • cinsiyyət sistemi • limfa sistemi • derma • dərinin piy qatı • qarın örtüyü (periton) • böyrəklər və s. |
• xorda • həzm kanalının epitelisi • nəfəs borusu, bronxlar və ağciyərin örtük epitelisi • qaraciyər, mədəaltı vəzi • sidik kisəsinin epitelisi • qalxanabənzər vəz və s. |
Rüşeym təbəqələrində olan müəyyən hüceyrə qrupları digər hüceyrə qruplarının inkişafını təmin edir. Elm adamlarının apardığı təcrübələr nəticəsində məlum olmuşdur ki, xordalı heyvan rüşeymlərindən bel tərəfdən ektoderma qatı götürülərsə, embrion inkişaf edir, ancaq sinir sistemi inkişaf etmir.
Aparılan təcrübələrdən məlum olmuşdur ki, əgər bel tərəfdə yerləşən ektodermanı yox, onun altındakı mezodermanı çıxartsaq, sinir sistemi inkişaf etmir. Ancaq çıxarılan mezoderma hüceyrələrini digər bir embrionun qarın tərəfindən çıxarılan mezodermanın yerinə yerləşdirdikdə embrionda ikinci bir sinir borusu da inkişaf edir. Beləliklə, aydın olur ki, embrional inkişaf zamanı bir hüceyrə qrupu digər hüceyrə qrupunun inkişafına səbəb olur və orqanlar formalaşır.
Xordalılarda rüşeymlərin inkişafında bəzi fərqli cəhətlər vardır.