Quru sahəsinin biokütləsi qütblərdən ekvatora doğru yaxınlaşdıqca artır. Quruda növ sayına görə heyvanlar çox olsa da, biokütlə etibarilə bitkilər üstünlük təşkil edir. Canlıların ən böyük sıxlığı və müxtəlifliyi rütubətli tropik meşələrdədir.
Quruda biokütlənin miqdarı şaquli zonallıq baxımından da dəyişilir. Dağların zirvələrinə qalxdıqca biokütlə azalır.
Torpağın biokütləsi. Yerin bitkilərlə zəngin üst, həm də münbit qatı olan torpaq müxtəlif canlı orqanizmlərlə dolu biogeosenozdur. Torpaqda biosferin maddələr dövranı ilə əlaqədar müxtəlif biokimyəvi proseslər gedir. Torpağın növündən asılı olaraq orada olan biokütlənin miqdarı fərqli olur. Ekvatorda torpağın qalınlığı və biokütləsi daha çoxdur. Torpaq biokütləsini torpaq və torpaqaltı süxurlarda yaruslarla yerləşmiş ağac, kol və ot bitkilərinin kökləri, torpaq əmələgəlmədə əvəzsiz rol oynayan qurd, cücü və onların sürfələri, müxtəlif göbələk mitseliləri, bakteriyalar əmələ gətirir.
Torpaqda qazlar mübadiləsinin gedişi gecə və gündüzün növbələşməsi ilə əlaqədar dəyişir. Gecələr soyuyub sıxlaşmış qazlar torpağa daxil olur. Gündüzlər CO2, NH3, H2S kimi qazlar torpaqdan xaric olur və atmosferə qarışır.