Yer səthində udulan enerjinin bir hissəsi Yer tərəfindən şüalandırılır, bir hissəsi Dünya okeanından suyun buxarlanmasına sərf olunur, az bir qismindən isə xlorofilli canlılar üzvi maddə sintez edir. Bir qrup canlılar, əsasən, bitkilər Günəş enerjisini biosferin enerji dövranına qoşur. Yer kürəsində fotosintez və xemosintez məhsulları həyatın enerji mənbəyi hesab edilir.
Günəş enerjisi qismən Yer qabığında olan orqanizm qalıqlarında - o cümlədən daş kömürdə, sapropeldə (lildə), torfda və neftdə toplanır. Fotosintez prosesi biosferdə karbon qazının azalmasına səbəb olur ki, bu da qlobal istiləşmənin qarşısını alır.