Biosferdə baş verən maddələr dövranı zamanı canlı maddənin bir sıra funksiyaları formalaşır:
1. Qaz yaratmaq funksiyası. Yer üzərində qazlar, əsasən, biogen* mənşəlidir. Xlorofilə malik əksər canlıların həyata keçirdikləri fotosintez prosesində ayrılan oksigen, canlıların tənəffüsü və üzvi maddələrin qıcqırması zamanı ayrılan karbon qazı, denitrifikasiya bakteriyalarının fəaliyyəti zamanı atmosferə çıxan azot qazı buna misal ola bilər.
2. Qatılaşdırma funksiyası. Canlı maddənin bəzi kimyəvi elementləri ətraf mühitdən özündə toplamasına əsaslanır. Sizə bəllidir ki, canlı orqanizmdə karbon, hidrogen, oksigen və azot elementləri daha çoxdur. Natrium, kalium, kalsium, maqnezium, dəmir, fosfor, kükürd və xlor elementlərinin miqdarı da kifayət qədərdir. Bu onu planetin cansız maddəsinin tərkibindən əsaslı surətdə fərqləndirir. Bəzi canlılar özlərində xüsusilə elementlərdən birini toplaması ilə fərqlənir. Məsələn, bakteriyalar kükürd, molyusklar kalsium, bitkilərindən bəziləri kalium, bəziləri isə silisium toplayır.
3. Oksidləşmə-reduksiya funksiyası. Yerin səthində üstünlük təşkil edən bu funksiya plastik və energetik mübadilə zamanı maddələrin kimyəvi çevrilməsi nəticəsində meydana çıxır.
4. Energetik funksiya. Bu funksiya canlı maddənin Günəş enerjisini mənimsəməsi ilə özünü göstərir. Enerji qida zənciri ilə ötürülür. Bu funksiyanın əsasında fotosintez prosesi dayanır.
5. Biokimyəvi funksiya. Bu funksiya məhv olmuş orqanizmlərin redusentlər tərəfindən mineral maddələrə qədər parçalanmasına əsaslanır. Mineral maddələr yarandıqdan sonra yenidən bioloji dövrana qoşulur.