Biosferdə canlılar eyni sıxlıqda yerləşmir. Onların ən böyük sıxlığı həyat üçün əlverişli olan litosfer və hidrosferin səthində, həmçinin atmosferlə onların təmas sərhədlərində müşahidə olunur.
Yer qabığında canlı orqanizmlərin və orada toplanan enerjinin cəmi planetin biokütləsini əmələ gətirir. Biokütlənin toplanması bitkilərin həyat fəaliyyətindən asılıdır. Ona görə də iki hissədən ibarət olan biokütlədə bitki biokütləsi ilkin məhsul, qalan orqanizmlərin biokütləsi isə ikincili məhsul adlanır. Bitkilərin biokütləsi digər orqanizmlərin biokütləsindən çoxdur.
Yer qabığında baş verən dəyişikliklər canlıların həyatına və nəticədə biokütlənin nisbətinə təsir göstərir. Bu isə həyat üçün təhlükə yaradır. Bu dəyişikliklər, əsasən, insanın təbiətə müdaxiləsi nəticəsində baş verir.
Belə ki, nəqliyyatın inkişafı, sənaye tullantıları ilə atmosferin çirklənməsi, atom və nüvə silahlarının sınaqdan keçirilməsi, müharibələr, kənd təsərrüfatı bitkilərinin və heyvanlarının zərərvericilərinə qarşı istifadə olunan kimyəvi maddələr, müxtəlif faydalı qazıntıların istehsalının artırılması biosfer təbəqələrində kəskin dəyişikliklər yaradır. Meşələrin kütləvi məhv edilməsi birinci və ikinci məhsul arasında nisbətin dəyişməsinə gətirib çıxarır. Bütün bunlar gələcək nəsillərin varlığı üçün ciddi qlobal problemlər yaradır. Neft və qaz hasilatı məhsulları, çirkab suları, iri sənaye müəssisələrinin tullantıları ilə çirklənmiş hidrosfer orada yaşayan canlılar üçün təhlükə mənbəyinə çevrilir və artıq bəzilərinin məhvinə gətirib çıxarır.
Beləliklə, Yer təbəqələrində baş verən dəyişkənliklər nəticəsində planetin siması kəskin surətdə dəyişir. Bu da ətraf mühitdə ekoloji tarazlığın pozulmasına səbəb olur.