Baş beynin bütün şöbələrinin vəhdətdə işləməsinin nəticəsində biz müxtəlif düşüncəli hərəkətlər etməyə qadirik. Kompüter də tərkib hissələrinin vəhdətdə işləməsi nəticəsində müxtəlif funksiyalar həyata keçirə bilir.
Göstərilən mülahizələrə baxmayaraq, bütövlükdə baş beyin və sinir sistemi ən təkmil kompüterdən belə bir sıra üstünlüklərə malikdir. Bunlara aiddir:
• Daxilolma formasından asılı olmayaraq informasiyanın çevik qəbul edilməsi. Bilirsiniz ki, bəzi imtahanlar kompüter vasitəsilə yoxlanılır. Kompüterin bunu etməsi üçün mütləq bir neçə şərt yerinə yetirilməlidir - xüsusi blanklarda çap hərfləri ilə, qara gel qələmlə işləmək. Yazıb-oxumağı bacaran insan isə müxtəlif şrifti, xətti və mətni rəngindən asılı olmayaraq anlaya bilir.
• Yüksək etibarlılıq. Texniki sistem bir və ya bir neçə detalın sınması nəticəsində sıradan çıxır. Baş beyin isə hətta yüz minlərlə hüceyrənin məhv olması nəticəsində öz iş fəaliyyətini qoruyub saxlayır. Belə ki, qorunmuş hüceyrələr məhv olmuş hüceyrələrin funksiyalarını öz üzərinə götürür.
• Quruluşun miniatürlüyü və ya yığcamlığı. Baş beynin milyardlarla neyrondan ibarət olmasına baxmayaraq, bu sayda komponentdən ibarət olan mikrosxemdən daha az sahə tutur.
• Enerjidən qənaətlə istifadəetmə. Baş beynin enerjidən istifadə etməsi onlarla Vatt-dan çox deyil.
• Özünüidarəetmənin yüksək səviyyəsi. Yeni situasiyalara və dəyişik fəaliyyətlərə daha tez uyğunlaşma.
Biz kompüter texnologiyalarının daim inkişafının şahidi oluruq. İnsanın baş beyni öz təbiətinə görə artıq unikaldır və onun imkanları hələ sona qədər öyrənilməmişdir.
Müasir ixtiralardan milyon illərlə əvvəl təbiətdə əks-səda prinsipi (delfinlərin bir neçə kilometr məsafədən ovunu hiss etməsi, yarasaların qaranlıqda ov etməsi), reaktiv hərəkət prinsipi (meduzalar və başayaqlı molyusklar) mövcud olmuşdur.
Konstruktorlar təyyarə hazırlayarkən quşların bədən quruluşu və qanadları, quş və həşəratların minimum enerji sərf edən əzələləri, paraşüt istehsalı zamanı zəncirotunun uçağanları onların diqqətini cəlb etmişdir.
Heyvan üzvlərinin quruluşu əsasında da müxtəlif cihazlar istehsal olunmuşdur. Suiti qulağının quruluş prinsipinə əsasən, su altında səsləri tutmaq üçün hidrofon, xərçəng və cücülərin fasetli gözlərinin quruluş prinsipi əsasında spidometr yaranmışdır. Bitki gövdələrinin, yarpaqlarının, köklərinin yüngüllüyü inşaat konstruksiyalarına təsir etmişdir. Bitki hüceyrələrinin turqoru hava ilə doldurulmuş dam örtükləri yaratmaq fikrini oyatmışdır.
Sualtı qayıqlar və gəmilər istehsal olunarkən su heyvanlarının quruluşu və suda üzmə mexanizmləri əsas götürülmüşdür. Biologiyanı texnika ilə əlaqələndirən alimlərin diqqətini quşların uzaq məsafələrə uçarkən cəhətləri necə təyin etməsi - yuvaya dəqiq oturması, yuvadan uçması, dəvəquşu, şir, xallı bəbir kimi heyvanların saatda onlarla, yüzlərlə kilometr məsafə qət etməsi, delfin dərisinin suyun tormozlayıcı hərəkətlərini aradan qaldıran elastikliyi cəlb etməyə bilməzdi.