Hökumət şəhər əhalisindən yeni jandarm və polis dəstələri təşkil edərək nizam-intizam yaratdı. Bu qüvvələr Milli hökumətin əsas dayağı idi. Təbrizdə xalça fabriki tikilməsinə başlanılmış, şəkər zavodu, toxuculuq və dəri fabriklərinin yaradılması, kənd təsərrüfatı bankının və milli bankın açılması, pul islahatının, şəhər əncüməninə seçkilərin keçirilməsi və s. planlaşdırılmışdı. Milli hökumətin mühüm sahələr – maarif, mədəniyyət, səhiyyə, ədliyyə, vəqf, hərbi işlər və s. üzrə idarə və nazirlikləri yaradılmışdı. Əhalinin savadlanmasına xüsusi diqqət yetirilir, şəhər və kəndlərdə pulsuz məktəblər açılırdı. Təbrizdə pulsuz qız məktəbinin təşkili bütün İran üçün nadir hadisə oldu. İdarə və müəssisələrdə “Azadıstan” adı yazılmış yeni lövhələr vurulsa da, onların üzərində İran dövlətinin gerbi saxlanılmışdı.

Milli hökumətin həyata keçirdiyi tədbirləri dövr baxımından qiymətləndirin

Milli hökumətin süqutu. İngilislər özləri üçün “təhlükəli” hesab etdikləri Cənubi Azərbaycandakı hərəkata qarşı planlar hazırlayırdılar. Vali Eynüddövlə vasitəsilə MH rəhbərliyi altında aparılan danışıqlar, general Edmondun köməkliyi ilə üsyana qarşı görülən tədbirlər, o cümlədən demokratların mühafizəkar qrupunun Təbrizdə qiyamı, bölgələrdə isə feodal dəstələrin üsyan tərəfdarları üzərinə hücumu baş tutmadıqda onlar yeni planlar cızmağa başladılar. Danışıqlarla üsyançılara təsir edə bilməyəcəyini görən İranın yeni Baş naziri Müşirüddövlə ingilislərin yaxından köməyi və bilavasitə rəhbərliyi ilə üsyançılara qarşı hücuma hazırlaşmaq qərarına gəldi. Hücumu təşkil etmək üçün

Hidayət Müxbirüssəltənə sentyabrın ilk günlərində vali sifəti ilə Təbrizə daxil oldu. Müxbirüssəltənə Baş nazirin məktubunu Xiyabaniyə çatdırıb onunla “danışıqlara” başladı.

Danışıq davam etdiyi müddətdə isə Müxbirüssəltənə Təbrizin kənarında düşərgə saldı və MH tərəfindən tərk-silah edilməmiş İranın kazak briqadası qarnizonunun komanda heyətini öz tərəfinə çəkərək şəhərə birgə hücum planı hazırladı. Marağadakı kazak süvari dəstələri də Təbrizə çağırıldı. Müxbirüssəltənə eyni zamanda MH-nin silahlı qüvvələrini Təbrizdən uzaqlaşdırmaq üçün jandarm dəstəsinin rəhbəri Mir Hüseyn Haşımini ələ ala bildi. Mayor Haşımi şəhər ətrafındakı quldur dəstələri ilə mübarizə aparmaq bəhanəsi ilə silahlı qüvvələri MH-nin razılığını almadan şəhərdən çıxardı.

Əks-inqilabi qüvvələr sübh çağı üsyançıların mərkəzini qəflətən bombalayaraq hücuma keçdilər. ADP-nin silahlı üzvlərinin ciddi müqavimətinə baxmayaraq, əks-inqilabi qüvvələr 1920-ci il sentyabrın 12-də Alaqapını ələ keçirdilər, sentyabrın 14-də isə “Təcəddüd” qəzetinin binasını dağıtdılar. Əks-inqilabi qüvvələrin sayca çox olmasına baxmayaraq, üsyançılar sentyabrın 14-dək son damla qanlarına qədər qəhrəmancasına vuruşdular. İrticaçılar onlara amansız divan tutdular. Sentyabrın 14-də, başqa demokratlar kimi, Xiyabani də qəhrəmancasına həlak oldu. İran irticasının başçısı Müşirüddövlə isə Cənubi Azərbaycanda xalq hərəkatının yatırılmasındakı “xidmətlərinə” görə şah tərəfindən birinci dərəcəli “Taci-Kəyan” nişanı ilə təltif edildi.

Bir sıra məhdudiyyətlərinə və nöqsanlarına, üsyan zamanı buraxılan səhvlərə baxmayaraq, Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə həyata keçirilmiş 1920-ci il Təbriz üsyanı və bütün hərəkat Cənubi Azərbaycanda və bütövlukdə İran tarixində parlaq bir dövrü təşkil edir.

Üsyan məğlub edilsə də, bu hərəkat Cənubi Azərbaycan türklərinin İranda əcnəbi ağalığına, irtica özbaşınalığına qarşı mübarizəsində mühüm bir səhifə oldu.

Üsyan nəticəsində əvvəlki hökumət istefa verdi və İranda Müşirüddövlənin başçılığı ilə yeni dövlət kabineti təşkil edildi.