Türk dili ilə böyüdün, farsca yazırsan. Artıq şeirlərini dinləməyəcəyəm, - deyə cavab verdi.

Şəhriyarın rəngi qaçdı, əlindəki farsca yazdığı son şeirinin barmaqları arasından yerə düşdüyünü hiss etmədi. Yavaşca yan otağa keçdi. Onun fikri qarma-qarışıq olmuşdu. Üzünə bir ana şilləsi dəymişdi. Yeməyi unutdu. (Keçmiş, qədim) günlərə daldı. Atasının əlindən tutub Heydərbaba dağı ətəklərindəki kəndləri: Xoşginabı, Güllücəni necə dolaşdığını xatırladı. Oralarda dinlədiyi türkülər, kəlmələr, şahidi olduğu hadisələr zehninin gizli xəzinəsindən bir-bir çıxıb beyninə hakim oldu... Oturduğu yerdə uzandı. Öz-özünə: “Türkcə yazacağam... Bundan sonra türkcə yazacağam!” - dedi Şəhriyar.

...və ilk türkcə şeirini Heydərbaba dağma həsr etdi:

Heydərbaba, ildırımlar çaxanda,
Sellər, sular şaqqıldayıb axanda,
Qızlar ona səf bağlayıb baxanda,
Salam olsun şövkətüzə, elüzə,
Mənim də bir adım gəlsin dilüzə.
Heydərbaba, kəhliklərin uçanda,
Kol dibindən dovşan qalxıb qaçanda,
Baxçaların çiçəklənib açanda,
Bizdən də bir mümkün olsa, yad elə,
Açılmayan ürəkləri şad elə.

“Füyuzat” jurnalından, 2012-ci il

  1. Sizcə, mətndə adı çəkilən Şəhriyar kimdir?
  2. Nə üçün ananın cavabını Şəhriyar şillə hesab edir?
  3. Ananın sözlərinə münasibət bildirin. Nə üçün oğlunun fars dilində şeir yazmasına etiraz edir? Bu sözlərin altında gizlənən əsas mətləbi müəyyənləşdirin.
  4. Hansı fikir mətndə öz əksini tapmışdır?
    • Şəhriyar yorğun iş günündən sonra sevimli anasının qayğısını hiss etdiyi üçün özünü xoşbəxt sanırdı.
    • Anasının farsca danışması Şəhriyarı çaş-baş salmışdı.
    • Şəhriyar yaşadığı dövrün tələblərinə əsasən farsca yazırdı.
    • Anasının haqsız olaraq söylədikləri Şəhriyara bir şillətək dəymişdi.
    • Anasının tənəli sözləri Şəhriyarın türkcə ilk şeirinin meydana gəlməsinə zəmin yaratdı.
  5. Mətndəki atalar sözü mətnin adı kimi işlənə bilərmi? Fikirlərinizi əsaslandırın. Mətni adlandırın.
  6. Anası ilə Şəhriyarın dialoqunda onların simasında və əl hərəkətlərində hansı hallar müşahidə olunacaq? Dialoqu səhnələşdirib bu hərəkətləri əyani nümayiş etdirin.