Sultan bəy Sultanov
Sərhədlərin təhlükəsizliyini qorumaq üçün dinc vaxtlarda da ermənilər tərəfə mühafizə məntəqələri qoydururdu. Qoşunda güclü nizam-intizam yaratmaqla Sultan bəy bir çox qələbələr qazanmışdı.

Sultan bəy Rusiyada hərbi akademiyada təhsil almışdı. O, mükəmməl hərbi biliyə malik idi. Sultan bəy Zəngəzurda erməni qoşunlarının məğlub edilməsində «Dağlarda tufan», «Zərbə dalınca zərbə», «Qəflətən hücum», «Nalşəkilli mühasirə» və başqa taktikalardan böyük ustalıqla istifadə etmişdi.

Sultan bəyin qardaşı Xosrov bəy Azərbaycan hökumətinin Qarabağda nümayəndəsi idi.

Andronik Sultan bəyin qorxusundan Qarabağa keçə bilmirdi. Dəfələrlə hiyləyə əl atsa da, onun məkrli məqsədi baş tutmamışdı. Hətta məktubla müraciət edərək, guya, Dərbəndə getmək, orada rus qoşunlarını Qafqaza buraxmamaq üçün Qarabağa keçmək arzusunu bildirmiş və bunun əvəzində qızıl verməyi vəd etmişdi. Sultan bəy düşmənə belə bir cavab göndərmişdi: «Türk hərbi adı «Paşa» sizə yaraşan ad deyil. O ad türklərə məxsusdur. Siz isə eşitdiyimə görə ermənisiz. Onu da bilməlisiniz ki, bu yurdun övladları qeyrətlərini pula satmayıblar».

Bir gün ermənilərin Şuşaya gedən silah-sursat karvanı azərbaycanlı könüllülər tərəfindən yaxalanır. Bütün silahlar ələ keçirilir. Gecəyarısı Andronikə xəbər çatdırılır ki, Qarabağa göndərilən silah yüklü karvan Sultan bəyin dəstəsinin əlinə keçib. O, ordusuna geri çəkilmək əmri verir. Lakin gec idi.