İkinci Dünya müharibəsinin səbəblərini Versal-Vaşinqton sisteminin nəticəsi kimi xarakterizə edin.

Müharibə 1939-cu il sentyabrın 1-də Almaniyanın Polşaya hücumu ilə başlandı. Polşa qoşunları məğlub oldu. Polşa hökuməti ölkəni tərk etmək məcburiyyətində qaldı. Böyük Britaniya və Fransa Almaniyaya müharibə elan etsə də, 1940-cı ilin mayına kimi ona qarşı fəal hərbi əməliyyatlar aparmadı. Buna görə də bu dövr tarixə “Qəribə müharibə” adı ilə daxil olmuşdur. Bu zaman yaranmış vəziyyətdən istifadə edən sovet rəhbərliyi Polşanın şərq torpaqlarım ələ keçirdi. SSRİ ilə Almaniya arasında imzalanmış “Dostluq və sərhədlər haqqında” müqaviləyə görə, Polşa ərazisinin bölüşdürülməsi rəsmiləşdirildi. Təcavüzkar hərəkətlərinə görə, SSRİ Millətlər Cəmiyyətindən çıxarıldı.

SSRİ-ni müharibənin başlanmasının səbəbkarlarından biri hesab etmək olarmı? Cavabınızı əsaslandırın.

İkinci Dünya müharibəsinin əsas hərbi əməliyyatları Avropa, Asiya, Afrikada, habelə Atlantik və Sakit okeanda aparılırdı. 1940-cı ilin yazında alman ordusu bitərəflik mövqeyi tutan Danimarkanı, sonra isə Norveçi ələ keçirdi. Az sonra Hollandiya və Belçika təslim oldu. Alman qoşunları Kale limanını ələ keçirərək ingilis-fransız-Belçika qoşunlarını Dünkerkdə sahilə sıxışdırdı. Lakin Hitlerin əmri ilə hücum dayandırıldı və rəqibə mühasirədən çıxmaq imkanı verildi. Bu hadisə tarixə “Dünkerk möcüzəsi” adı ilə daxil oldu.

“Dünkerk möcüzəsi”nin mahiyyətini açıqlayın. Sizcə, bu , “möcüzə” niyə baş verdi?

Mayın sonlarında almanlar Fransaya hücum etdilər. “Majino müdafiə xətti” yarıldı və alman qoşunları Parisə daxil oldular. Fransız faşistlərinin lideri marşal A.Peten təslim haqqında barışıq imzaladı. Ölkənin şimalı Almaniyanın təsiri altında qaldı. Fransa faşist hökuməti yalnız ölkənin cənubuna nəzarət edirdi. Böyük Britaniya faşistlərin güclü və aramsız hava hücumlarına məruz qaldı. Lakin Böyük Britaniyanın ciddi müqavimət göstərməsi faşistlərin planlarını puça çıxardı.