VI fəsil
CANLILAR VƏ
ƏTRAF MÜHİT
Orqanizmlərin yaşayış mühiti və ekoloji amillər. Canlı orqanizmləri əhatə edən hər bir şey yaşayış mühiti adlanır. Hər bir canlı orqanizm yaşayış mühiti ilə sıx bağlıdır. Yaşayış mühitində orqanizmlər müəyyən mühit amillərinin təsirinə məruz qalırlar. Mühitin orqanizmə təsir edən ayrı-ayrı elementləri ekoloji amillər adlanır. Canlı orqanizmə göstərdiyi təsirinə görə ekoloji amillər 3 böyük qrupa bölünür: abiotik, biotik və antropogen amillər.
Abiotik amillər (yun. “a” – inkar , “bios” – həyat) cansız təbiət amilləridir. Bunlara işıq, rütubət, atmosfer təzyiqi, havanın temperaturu, torpaqda mineral duzların miqdarı, torpağın nəmişliyi və aerasiya (yun. “aer” – hava) kimi amillər aiddir.
Biotik amillər. Canlı orqanizmlərin bir-birinə təsiridir. Məsələn, bitkilərin həşəratlarla tozlanması, orqanizmlər arasında rəqabət, yırtıcılıq, simbioz və s. biotik amillərdir.
Antropogen amillər (yun. “anthropos”– insan, “genisisum” – doğulma, mənşə) canlı orqanizmlərin həyat şəraitini dəyişməsi ilə müşayiət olunan insan fəaliyyətidir. Belə ki, insanın təsərrüfat fəaliyyəti nəticəsində Yer səthinin relyefi, kimyəvi tərkibi, atmosferi və canlılar aləmi dəyişir.
Suyun temperaturu, °С | +5 | +10 | +15 | +25 | +30 | +40 | +45 |
Tənəffüs hərəkətlərinin tezliyi | 3 | 40 | 75 | 110 | 120 | 32 | 15 |