8. Ali sporlu bitkilər. Mamırlar şöbəsi

Mamırlar insanlara daha az tanış olan bitkilər qrupudur. Onlar torpağı, bitkilərin gövdəsini və ya daşların üzərini yaşıl xalı kimi örtür. Əksəriyyəti kiçik ölçülüdür. Hündürlüyü bir neçə santimetrə çata bilir. Onların toxumları, çiçək və meyvələri olmur.
  • Mamırlar barədə nə bilirsiniz?

Ali bitkilərin xüsusiyyətləri. Ali bitkilər ibtidai bitkilərdən orqanların olması ilə fərqlənir. Hər bir orqan müəyyən funksiyaları yerinə yetirir. Orqanlar bu funksiyaları təmin edən toxumalardan təşkil olunub.

Ali bitkilər iki böyük qrupa – sporlu və toxumlu bitkilərə bölünür. Mamırlar – sporlu bitkilərə aiddir.

Fəaliyyət – Laboratoriya işi. Mamırların xarici quruluşu

İşin məqsədi: Quş mamırının və sfaqnumun quruluş xüsusiyyətlərinin öyrənilməsi.
Təchizat: Quş mamırının və sfaqnumun herbariləri və şəkilləri.
İşin gedişi: Mamırların herbarisinə və şəkillərinə diqqətlə baxıb, onların xarici görünüşünü verilmiş plan üzrə təsvir edin: ölçüsü; gövdəsi; yarpaqları; rizoidləri; sporlu qutucuğu; qutucuğun ayaqcığı
Nəticəni müzakirə edin:
1. Bu bitkilərin ümumi və fərqli cəhətləri hansılardır?
2. Hansı əlamətlərinə görə mamırları ali bitkilərə aid edirlər?

Mamırlar. Mamırlar rütubətsevən bitkilərdir. Onlara, əsasən, bataqlıqlarda, rütubətli çəmənliklərdə, meşələrin kölgəli yerlərində rast gəlinir. Yosunlardan fərqli olaraq, mamırların əksəriyyətinin gövdə və yarpağı olur. Mamırların kökü olmur. Onların bəziləri gövdələrini rizoidlərin köməyi ilə torpağa bərkidir, su və mineral duzları udur. Mamırlar avtotrof orqanizmlərdir. Onların xloroplastları yaxşı inkişaf etmişdir. Sporlar vasitəsilə çoxalır.

Yaşıl quş mamırı. Çoxillik bitkidir. Bataqlıqlaşmış və nəm yerlərdə rast gəlinir. Gövdəsi dik qalxır, budaqlanmır, üzərində sıx yerləşən və ucu şiş yarpaqlar olur. Bitkini torpağa gövdənin aşağı hissəsində yerləşən nazik sapşəkilli rizoidlər bərkidir. Quş mamırı bədən səthi ilə atmosferin rütubətindən də istifadə edə bilir və öz çəkisindən təxminən 4 dəfə çox su udur.

Sfaqnum (yun. sphagnos – süngər). Meşə və bataqlıqlarda budaqlanmış gövdəsi olan sfaqnuma təsadüf edilir. Yetkin bitkinin rizoidi olmur. Gövdə və yarpaqlarında fotosintez prosesini həyata keçirən xloroplastlara malik hüceyrələrlə yanaşı, içərisi boş , ölü iri hüceyrələrə də rast gəlinir. Yarpaq və gövdədə olan ölü hüceyrələrin hesabına sfaqnum öz çəkisindən 20-25 dəfə çox su uda bilir. Nəticədə sfaqnum bitən torpaq tədricən bataqlığa çevrilir. Belə şəraitdə digər bitkilər yaxşı inkişaf edə bilmir. Bataqlıqlarda sfaqnum bakteriyaların inkişafına mane olan maddələr ifraz edir. Ona görə də bataqlığa düşmüş orqanizmlərdə çürümə prosesləri zəif gedir.

Üzərindən bulaq suyu axan mağarada mamır.

Üzəri mamır bağlamış ağaclar və körpü.