1. Okeanları öyrənərkən müəyyən edildi ki, burada zəngin mineral və bioloji təbii ehtiyatlar vardır. Okeanlarda da quruda olduğu kimi dağların və düzənliklərin olması müəyyən edilmişdir. Dünya okeanı Yerin iqliminə təsir göstərir, canlılar aləminin yayılmasında mühüm rol oynayır.

2. Böyük Coğrafi kəşflərdən sonra okeanların dərinliyini ölçmək üçün ucuna yük bağlanmış kəndirdən istifadə edilirdi. Bu alət lot adlanırdı. XIX əsrin ortalarına qədər hesab edirdilər ki, okeanlar duzlu sular ilə dolmuş dərin çökəkliklərdir. Birinci Dünya müharibəsi zamanı okeanların dərinliyini ölçmək üçün exolot kəşf olundu. Okean dibinə göndərilən səs dalğası 1500 m/san sürətlə hərəkət edərək geri qayıdır və qəbul edilir.

Okeanların dərinliyi batisfer və batiskafla öyrənilir. Batiskaf – okeanların dərin qatlarını öyrənmək üçün avtomatik idarə edilən qurğudur.

Tapşırıq 1. Okeanların öyrənilməsində Rusiya, Böyük Britaniya, İsveçrə, ABŞ, Yaponiya, Fransa kimi ölkələr aparıcı rola malikdirlər.

1872-1876-cı illərdə Böyük Britaniyanın “Çellencer” gəmisində okeanoqrafiya ekspedisiyası səyahət etmişdir. Ekspedisiyanın topladığı materiallar üzərində 70 alim 20 il əmək sərf etmişdir. Nəticədə, tədqiqatlar əsasında 50 cildlik əsər çap edilmişdir. Kitablarda 2279 xəritə, şəkil, rəsm vardır. Ekspedisiya müəyyən etdi ki, okean dibində dərinliyi 5000 metrdən çox olan çökəkliklər, dağlar və sıra dağlar vardır.

1943-cü ildə fransız okeanoloqu Jak-İv Kusto və E.Qanyan suyun 40 m-ə qədər sahələrini öyrənmək üçün akvalanq hazırladı. Marian çökəkliyinin dərinliyini ilk dəfə keçmiş SSRİ-nin “Vityaz” gəmisi 1957-ci ildə ölçmüşdür. Bu çökəkliyə ilk batiskaf 1960-cı ildə İsveçrə alimi Jak Pikar tərəfindən endirilmişdir.

Tapşırıq 2. Okeanların öyrənilməsinin həm elmi, həm də təcrübi əhəmiyyəti vardır. Okeanların öyrənilməsi insanların təbiət haqqında biliklərini daha da artırır, onların dünyagörüşünü inkişaf etdirir və təbiətdən istifadənin səmərəli yollarını müəyyən etməyə imkan verir.

Hesablama bölməsini yerinə yetirmək üçün mətndən istifadə etmək olar.

1. Okeanın dibinə göndərilən səs dalğası 1 saniyəyə 1500 metr məsafə qət edir. Əgər səs dalğası 5 saniyədən sonra qəbul edilirsə, burada suyun dərinliyinin nə qədər olmasını tapmaq üçün: (5 san. · 1500 m/san.) : 2 = 3750 m.

2. Dərinliyi 6000 m olan suya göndərilən səs siqnalının nə qədər vaxtdan sonra qəbul edilməsini hesablamaq üçün: (6000 m. : 1500 m/san.) · 2 = 8 saniyə.

3. Marian çökəkliyinin dərinliyi 11022 m-dir. Səs dalğası bir saniyədə 1500 metr gedirsə, onda hidronavtlar gəmidən göndərilmiş səs dalğasını 7,4 saniyədən sonra qəbul edər: (11022 m : 1500 m/san = 7,4 saniyə).

Ev tapşırığını yerinə yetirmək üçün dərslikdə verilmiş xəritə-sxemə əsasən “Çellencer” gəmisinin öyrəndiyi coğrafi obyektləri göstərmək və onun marşrut sxemini kontur xəritəyə köçürmək tapşırığı verilir.