Bütün hissəcikləri nöqtələr şəklində qeyd edib, onları kəsişən düz xətlərlə birləşdirsək, kristal qəfəs əmələ gəlir. Şərti olaraq, maddə hissəciyini göstərən hər bir nöqtəni kristal qəfəsin düyünü adlandırırlar. Kristal qəfəsin düyünlərində hansı hissəciklərin yerləşməsindən asılı olaraq, 4 tip — ion, atom, molekulmetal kristal qəfəsi olur.

Kristal maddələrdən fərqli olaraq, amorf maddələrdə hissəciklər bu cür qanunauyğunluqla deyil, nizamsız şəkildə yerləşir.

İon kristal qəfəsləri. Düyünlərində ion rabitələrlə birləşmiş müsbət yüklü və mənfi yüklü ionlar olan kristal qəfəslərə ion kristal qəfəsləri deyilir. İon kristal qəfəsli birləşmələrin tipik nümayəndələri başlıca olaraq duzlardır. Məsələn, NaCl, KCl, NaBr, KBr, Na2CO3, Na2SO4 və s.

Duzlar molekullardan ibarət olmayıb ayrıca ionlardan təşkil edilmişdir. Duzların kimyəvi formulu onların şərti molekul formulunu göstərir.

İon birləşmələrində ionlar arasındakı cəzbetmə qüvvələri yüksək olduğundan, bu maddələr nisbətən çətinəriyən, azuçucu və müəyyən bərklikdə olur.

Atom kristal qəfəsləri. Düyünlərində bir-biri ilə kovalent rabitələr ilə əlaqələnmiş ayrı-ayrı atomlar olan kristal qəfəslərə atom kristal qəfəsləri deyilir.

Atom kristal qəfəsində atomlar da ionlar kimi fəzada müxtəlif vəziyyətdə yerləşir və nəticədə müxtəlif formalı kristallar əmələ gəlir. Məsələn, həm almazın, həm də qrafitin kristal qəfəsinin düyünlərində karbon atomları mövcuddur. Lakin bu atomların müxtəlif cür yerləşməsi ilə əlaqədar olaraq, almaz kristalları oktaedr, qrafit kristalları isə prizma şəkillidir (cədvəl 14).

Cədvəl 14

Karbonun allotropik şəkildəyişmələri Karbonun hibridləşmə vəziyyətləri Kimyəvi tərkibi Kristal qəfəsin tipi Kristal qəfəsin quruluşu
Almaz sp3 Eynidir
(C)
Atomar tetraedrik
Qrafit sp2 laylı
Fülleren sp2 tor şəkilli
Karbin sp xətti

Karbonun allotropik şəkildəyişmələrinin kristal qəfəsinin tipi eyni olsa da, quruluşu fərqlidir. Atom kristal qəfəs əmələ gətirən maddələrə B, C, Si, SiC, SiO2 , qırmızı və qara fosforu misal göstərmək olar. SiC və SiO2 atom kristal qəfəsli olsalar da, atomlar arasındakı rabitə polyar kovalent rabitə ilə yaranmışdır.

Atom kristal qəfəsli maddələrin kristal qəfəslərində atomlar arasında kovalent rabitələr möhkəm olduğundan onlar üçün böyük bərklik və yüksək ərimə temperaturu xarakterikdir.

Molekulyar kristal qəfəsləri. Düyünlərində ayrı-ayrı molekullar olan kristal qəfəslərə molekulyar kristal qəfəsləri deyilir. Molekulyar maddələr molekul tipli kristal qəfəs əmələ gətirir.